Gülce Edebiyat Akımı

Tam Görünüm: Azərbaycan Xalq Cümhuriyyəti və təhsil
Şu anda Hafif Görüntüleme modundasınız. Sayfayı normal görüntülemek için, buraya tıklayın.
Elnur Əliyev,
Salyan rayonu, Yenikənd kənd
tam orta məktəbinin müəllimi

“Təhsil millətin gələcəyidir”. (Heydər Əliyev)

Mədəni quruculuq sahəsində bir sıra vacib tədbirlər həyata keçirmiş və cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918-1920) ilk növbədə xalqın savadlanmasına xüsusi diqqət yetirilmişdir. O səbəbdən də XX əsrin 18-ci ilinin 28 may tarixində və görkəmli ictimai-siyasi xadim Fətəli xan Xoyskinin (1875-1920) başçılığı ilə təşkil edilən birinci hökumətin tərkibində Xalq Maarif Nazirliyi təsis olunmuşdu.
Təhsilli yerli kadrlara çox böyük tələbat olduğunu nəzərə alan Xalq Cümhuriyyəti hökuməti 1918-ci il avqustun 28-də xalq maarifinin, orta məktəblərin milliləşdirilməsi haqqında qərar qəbul etdi. Bu qanuna əsasən ölkə ərazisində yerləşən bütün ibtidai tədris müəssisələrində təhsilin türk (Azərbaycan) dilində aparılması icbari hesab edilirdi. Həmin dövrdən etibarən müəllim hazırlamaq məqsədilə Bakı, Gəncə, Şuşa, Qazax və başqa şəhərlərdə xüsusi pedaqoji kurslar təşkil edildi. XIX yüzilliyin sonlarında, daha dəqiq desək, 1879-cu ildə yaradılan Zaqafqaziya (Cənubi Qafqaz – Qori) Müəllimlər Seminariyasının Azərbaycan şöbəsi ədəbiyyatşünas, pedaqoq, jurnalist və tənqidçi Firidun bəy Əhmədağa oğlu Köçərlinin (1863-1920) rəhbərliyi altında 1918-ci ildə Gürcüstandan Azərbaycana – Qazaxa köçürüldü.
Respublikamızın üç şəhərində - Bakı, Gəncə və Şəkidə fəaliyyət göstərən “Nina” qızlar məktəblərinin adı dəyişdirilərək “qız gimnaziyaları” adlandırılmaqla yanaşı, yeddi yeni kişi gimnaziyası açıldı. Azərbaycanın bir çox yerlərində şəbəkələri genişləndirilən qısamüddətli pedaqoji kurslarda dərs demək üçün Osmanlı dövlətinin xətti ilə Türkiyədən 50 nəfər müəllim dəvət olundu. Tərkibinə Hüseyn Cavid (1882-1941), Mahmud bəy Mahmudbəyov (1863-1923), Abdulla Şaiq (1881-1959), Camo bəy Cəbrayılbəyov (1887-1965) və başqa məşhur ziyalıların daxil olduğu türk (Azərbaycan) dilində dərsliklərin hazırlanması və nəşri üzrə komissiya yaradıldı. 1919-cu ilin payız aylarından ölkəmizin bütün bölgələrində Azərbaycan (türk) dilində axşam kursları təşkil edildi.
AXC ali təhsil müəssisəsinin açılması istiqamətində kövrək addımlar atmaqla xalqımıza ən böyük mədəni nailiyyətlərdən birini bəxş etmiş oldu. Təxminən doqquz ay öncə fəaliyyətə başlamış Azərbaycan parlamenti 1919-cu il sentyabrın 1-də Bakı şəhərində Universitet açmaq haqqında qanun qəbul etdi. 28 gün sonra isə yeni tipli ali məktəbin Nizamnaməsi təsdiqləndi. İlk dərsləri 1919-cu il noyabrın 15-dən başlanan Bakı Universitetində əvvəlcə 4 fakültənin fəaliyyət göstərəcəyi nəzərdə tutulsa da, onlardan yalnız ikisi – tarix-filologiya və tibb fakültələri qapılarını tələbələrin üzünə aça bildi.
Azərbaycan Xalq Cümhuriyyəti var olduğu müddətdə respublikamızda 637 ibtidai, 23 orta ixtisas və bir ali məktəb fəaliyyət göstərirdi. Öz təhsillərini dövlət hesabına başa vuracaq 100 nəfər azərbaycanlı gənc Osmanlı Türkiyəsi, Fransa, İtaliya, Rusiya və Böyük Britaniya dövlətlərinin ali məktəblərinə göndərildi.
Köhnəlmiş ərəb əlifbasından latın qrafikalı Azərbaycan (türk) əlifbasına keçilməsinə hazırlıq işləri aparmaq məqsədilə xüsusi parlament komissiyasının yaradılması Xalq Cümhuriyyəti dövrünə təsadüf edir.
Xalqımız AXC-nin təhsil sahəsində gördüyü diqqətəlayiq işlərlə fəxr edir və onları heç vaxt yaddan çıxartmır.

İstifadə edilmiş ədəbiyyat:

1. Yaqub Mahmudlu, Hafiz Cabbarov, Leyla Hüseynova. Azərbaycan tarixi. Ümumtəhsil məktəblərinin 5-ci sinfi üçün dərslik. Bakı: Bakı, 2016, səh. 148.
2. İsak Məmmədov, Tahir Qaffarov, Xaqani Məmmədov, Şövkət Tağıyeva, Murad Vəliyev, Şərqiyyə Məmmədova, Ağası Hüseynov, Əkbər Qocayev. Azərbaycan tarixi. Ümumtəhsil məktəblərinin 11-ci sinfi üçün dərslik. Bakı: Çaşıoğlu, 2014, səh. 30-31.